1918-ci ilin mayında Zaqafqaziyada üç müstəqil dövlət – Gürcüstan, Azərbaycan və Ermənistan dövlətləri yaransa da, onların arasında sərhədlər dəqiq müəyyən edilməmişdi. Çar Rusiyası dövründə Qafqaz canişinliyinə tabe olan quberniyalarda azərbaycanlıların, gürcülərin və ermənilərin qarışıq şəkildə məskunlaşması bu sərhədləri müəyyən etməkdə çətinlik yaradırdı.
Ümumiyyətlə, 1918–1920-ci illərdə Azərbaycanla Ermənistan və Azərbaycanla Gürcüstan respublikaları arasında 11 zonada mübahisəli ərazilər problemi meydana çıxmışdı. Həmin ərazilərin bəzilərində mübahisələr dinc yolla, yəni əhalinin öz müqəddəratını azad təyinetmə prinsipi ilə həll edildiyindən silahlı müdaxiləyə ehtiyac qalmamışdı. Əksər hallarda isə Ermənistan və Gürcüstan hökumətləri məsələni silah gücünə həll etməyə cəhd göstərdiklərindən problemin həlli daha da kəskinləşmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97.297,67 km² (Bakı quberniyasında 39.075,15 km², Gəncə quberniyasında 44.371,29 km², Zaqatala quberniyasında 3992,54 km², İrəvan quberniyasında 9858,69 km²) təşkil etmişdir. Azərbaycanla Ermənistan və Gürcüstan arasında mübahisəli ərazisi 16.598,30 km² (İrəvan quberniyasında 7913,17 km², Tiflis quberniyasında 8685,30 km²) olmuşdur. AXC dövründə mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi 113.895,97 km² olmuşdur.
Zaqafqaziyada sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Respublikası öz mübahisəsiz ərazilərindən Moskvanın təzyiqi ilə müxtəlif dövrlərdə təqribən 10 min km² ərazisini Ermənistan və Gürcüstana verməyə məcbur olmuşdur.
1918–1920-ci illərdə Zaqafqaziya respublikaları arasında mövcud olmuş ərazi mübahisələri olduqca mürəkkəb xarakter almışdı. Bu münaqişələrin səciyyəvi cəhəti ondan ibarət olmuşdur ki, mübahisəli ərazilərin etnik müsəlman əhalisi bir qayda olaraq, zərər çəkən tərəf olmuş, qonşu respublikalar, xüsusən də erməni silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalmışdır.
1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış məntəqəsi (o cümlədən Şamaxı qəzasında 58, Quba qəzasında 112), Gəncə quberniyasında 272 yaşayış məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211 (İrəvan qəzasında 32, Novo-Bəyaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşmüşdü.
Qaçqınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Zaqafqaziya Seymi nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym Hökuməti qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı.
1918-ci ilin mayında əzəli Azərbaycan torpaqları olan İrəvan quberniyası ərazisində Ermənistan dövləti yaradılan zaman onun paytaxtının hansı şəhər olacağı müəyyən edilməmişdi. Azərbaycan hökuməti milli münaqişələrə son qoyulması məqsədilə mayın 29-da İrəvan şəhərinin paytaxt elan edilməsi üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdir. İrəvan Müsəlman Milli Şurası bu güzəştə dərhal öz etirazını bildirmişdi.
1918-ci il iyunun 4-də imzalanan Batum müqaviləsinə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 9 min km²-ə çatırdı və Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddiası olmadığını bildirmişdi. Lakin Şərqi Anadoluda qırğınlar törətdikdən sonra türk qoşunlarının önündən qaçan erməni silahlı qüvvələri general Andranikin komandanlığı altında Gümrüdən Qarakilsəyə, oradan Dilican dərəsinə və Göyçəyə, sonra Naxçıvana, oradan da Zəngəzura adlayaraq həmin ərazilərdəki müsəlman kəndlərini viran qoymuşdu. Erməni silahlı qüvvələrinin Zəngəzurdan Qarabağı təhdid etməsi Azərbaycan hökumətini ciddi narahat edirdi.
Qarabağın dağlıq hissəsində yaşayan ermənilər silahlanaraq Andranikin qüvvələri ilə qovuşmaq, Qarabağla Ermənistan arasındakı müsəlman kəndlərinin əhalisinin silah gücünə qovaraq Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirdilər.
Andranikin quldur dəstələri Novo-Bəyazid qəzasının Göyçə nahiyəsinin Çamırlı, Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzə Qoşabulaq, Qızılbulaq, Yuxarı Alçalı və Kərkibaş kəndlərini viran qoymuş, əhalinin əmlakını əlindən almış, qırğınlardan sağ qalan əhali dağlara çəkilməyə məcbur olmuşdu. Bu kəndlərin nümayəndələri Gəncəyə gəlib hökumətin başçısı Fətəli xan Xoyskiyə müraciət etmiş, Novo-Bəyazid qəzasında müsəlmanlara qarşı qırğınlara son qoyulmasında köməklik göstərilməsini tələb etmişdilər. Bu səbəbdən də Azərbaycan hökuməti Ermənistan hökumətinə etirazını bildirmiş, əhalinin maneəsiz olaraq öz yerlərinə qayıtmaları üçün gördüyü tədbirlər haqqında ondan cavab istəmişdi.
Erməni silahlı qüvvələri Göyçəni darmadağın etdikdən sonra Naxçıvanı işğal etmiş oradan da Zəngəzur qəzasına daxil olmuş, Gorus nahiyəsini və Şuşa yolunu ələ keçirmişdilər. Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan hökumətinə etiraz notası göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz kimi qiymətləndirərək, əgər erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına qarşı tədbir görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistan hökumətinin üzərinə düşəcəyini kəskin şəkildə bildirmişdi. Lakin Ermənistan hökuməti hiylə işlədib Andranikin silahlı qüvvələrinin Ermənistan hökumətinə tabe olmadığını bəhanə edərək avqustun 1-də bildirmişdi ki, general Andranik və onun dəstəsi bütünlüklə Ermənistan ordusunun tərkibindən silinmişdir. Buna səbəb isə Andranik və onun dəstəsinin Ermənistan daşnak hökumətini tanımadıqlarını bəyan etmələri olmuşdu. Elə buna görə də Ermənistan hökuməti Andranikin və onun dəstəsinin əməllərinə cavabdeh olmadığını bildirmişdi. Ermənistan hökumətinin 1918-ci ilin oktyabrında Qazax qəzasının Karvansara nahiyəsinə (indiki İcevan) öz nümayəndəsini təyin etməsi və silah gücünə həmin ərazinin idarə etməyə başlaması da Azərbaycan hökumətinin narazılığına səbəb olmuş, buna qarşı etirazını bildirmişdi.
Azərbaycan hökuməti Ermənistanla münasibətləri sivil yollarla nizama salmaq, milli münaqişələrə və silahlı toqquşmalara son qoymaq, ərazi iddialarını ədalətlə həll etmək, qaçqınların vəziyyətini yüngülləşdirmək məqsədilə 1918-ci il noyabrın əvvəllərində Məmməd Xan Təkinskini Ermənistana daimi nümayəndə təyin etmişdi.
1918-ci ilin payızında Azərbaycan tərəfi sülh konfransı keçirmək üçün Ermənistan hökumətinə dəfələrlə müraciət etsə də, əks tərəf bu təklifə etinasız yanaşmışdı. Oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk və alman qoşunlarının Zaqafqaziyadan geri çəkilməsindən və özünə müttəfiq saydığı Antanta ölkələrinin simasında ingilis qoşunlarının Zaqafqaziyaya mandat almasından sonra yaranmış fürsətdən istifadə edən Ermənistan tərəfi silah gücünə Azərbaycan və Gürcüstan əraziləri hesabına öz ərazisini genişləndirmək yolunu tutmuşdu. Lakin İrəvan quberniyasının Vedibasar və Zəngibasar nahiyələrində, Şərur-Dərələyəz qəzasında yerli müsəlman özünümüdafiə dəstələrinin erməni silahlı qüvvələrinə vurduğu sarsıdıcı zərbələr, gürcü qüvvələrinin Borçalı və Loruda əks hücumları Ermənistanı sülh danışıqlarına getməyə məcbur etmişdi.
Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin Ermənistanın xeyrinə həll etmək üçün Birləşmiş dövlətlərin Ali komissarlığı Naxçıvan və Şərur-Dərələyəz qəzalarında neytral zona yaratmaq, bununla da həmin əraziləri Azərbaycanın nəzarətindən çıxarmaq istəyirdi. Lakin Azərbaycan hökuməti bu məsələdə ona edilən təzyiqləri dəf edərək, o şərtlə neytral zona yaradılmasına razılıq vermişdi ki, həmin ərazidə Azərbaycanın suveren hüquqları saxlanmış olsun.
1919-cu il noyabrın 23-də ərazi mübahisələrini həll etmək üçün Azərbaycan və Ermənistan respublikalarının baş nazirləri Tiflisdə görüşmüşdülər. Həmin görüşdə Ermənistan hökuməti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün öz qoşunlarını zəbt etdiyi Zəngəzurdan çıxarmağı öhdəsinə götürmüşdü. Lakin Ermənistan hökuməti Zəngəzurda işğal edilmiş yaşayış məntəqələrindən erməni silahlı qüvvələrinin çıxarılması haqqında verdiyi vədin əksinə olaraq, 1920-ci il yanvarın 19-25-də Zəngəzur qəzasının 3-cü sahəsində 48 kəndi, 4-cü sahəsində isə 3 kəndi darmadağın etmiş, yerli müsəlman əhalisini soyqırımına məruz qoymuşdu.
1920-ci ilin mart ayında bolşevik qoşunlarının şimaldan Azərbaycan sərhədinə yaxınlaşdığı zaman Erməni Milli Şurasının üzvlərinin gizlicə Ermənistandan Qarabağa gəlmələri, orada təxribatlar və milli qırğınlar törətmələri vəziyyəti daha da kəskinləşdirmişdi. Azərbaycan hökuməti Ermənistan emissarlarının Qarabağdan uzaqlaşdırılması, separatçı ermənilərin susdurulması üçün ciddi tədbirlər görmüş, Qarabağda öz suveren hüquqlarının qorunmasını təmin etmişdi. 1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin rəsmən tanınmasından sonra belə, ərazi mübahisələrinə, milli münaqişələrə son qoyulmamışdı. Qaçqınlar problemi isə Azərbaycan Xalq Cümhuriyyətinə Birinci Dünya müharibəsindən və 1918-ci il mart-aprel aylarında Bakı və İrəvan quberniyalarında baş verən milli münaqişələrdən miras kimi qalmışdı.
Birinci Dünya müharibəsində Şərqi Anadoludan, Balkanlardan və s. münaqişə ocaqlarından Bakı quberniyasına, xüsusən də Bakı şəhərinə minlərlə qaçqın pənah gətirmişdi. Bakıya gələn qaçqınların əksəriyyətini qeyri-müsəlmanlar təşkil edirdilər. Həmin dövrdə Bakıda Müsəlman Xeyriyyə Cəmiyyəti ilə yanaşı Erməni Qaçqınlarına Yardım Komitəsi, Latış Qaçqınlarına Yardım Komitəsi, Müharibə Nəticəsində Dağılmış Polyak Əhalisinə Kömək Komitəsi, knyaginya Tatyana Nikolayevanın təsis etdiyi komitənin Qaçqınların qeydə alınması üzrə Bakı Komitəsi, Qafqaz Cəbhəsində Qaçqınların yerləşdirilməsi üzrə Baş müvəkkilliyinin Bakı şöbəsi və s. cəmiyyətlər və komitələr fəaliyyət göstərirdi. Bakı Qradonaçalnikinin 1917-ci il dekabrın 31-də Petroqrada göndərdiyi məlumatında göstərilirdi ki, Bakıda 2568 qaçqın – o, cümlədən 1763 erməni, 276 latış, 169 rus, 157 yəhudi, 95 yunan, 84 polyak, 13 aysor, 7 macar, 3 çex, 1 bolqar qeydə alınmışdır. Göründüyü kimi, Bakı Qradonaçalniki müsəlman qaçqınlarını yardımdan məhrum etmək məqsədilə müsəlman qaçqınlarını qeydə almamışdı. Əslində isə həmin dövrdə Şərqi Anadoludan, xüsusən də Qars vilayətindən minlərlə türk qaçqını Bakıda sığınacaq tapmışdı. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti onları himayəyə götürmüşdü. AXC hökuməti Gəncədə yerləşdikdən sonra Səhiyyə və Himayəçilik Nazirliyi yaradılmış, Xudadat bəy Rəfibəyli nazir təyin edilmişdi.
AXC hökuməti oktyabr ayında Bakıya köçən zaman bu nazirlik 2 yerə – Səhiyyə Nazirliyinə və Himayəçilik Nazirliyinə bölünmüşdü. 1919-cu ildə Gəncə dairə müfəttişinin verdiyi məlumata görə, Gəncədə müsəlman qaçqınları ilə yanaşı, 3928 nəfər erməni (o cümlədən 1818 nəfər Türkiyə ermənisi), erməni silahlı qüvvələri tərəfindən didərgin salınan Saratovka və Novo-İvanovka kəndlərindən 427 rus qaçqınları sığınacaq tapmışdı. Himayəçilik nazirliyi Gəncədə erməni qaçqınları üçün lazaret (hərbi xəstəxana) açmışdı. Qeyd etdiyimiz kimi, Himayəçilik Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də xaricdə yaşayan soydaşlarımıza, müsəlman qaçqınlarına kömək etməkdən ibarət olmuşdu.
AXC hökuməti 1919-cu il iyunun 4-də İrəvandakı diplomatik nümayəndəsi M. Təkinskiyə tapşırıq vermişdi ki, İrəvan quberniyasının və Qars vilayətinin erməni silahlı qüvvələri tərəfindən dağıdılmış kəndləri haqqında, orada öldürülənlərin ad-soyadları haqqında, əsir götürülənlər, oğurlanmış sürülər haqqında statistik rəqəmləri toplayıb göndərsin. Azərbaycan hökuməti bu faktlardan Paris Sülh konfransında istifadə etmək istəyirdi. İrəvan Müsəlman Milli Şurası bu faktlardan böyük dövlətlərin Qafqazdakı missiyalarının başçılarına müraciətində istifadə etmişdi. Ermənistandakı müsəlman qaçqınların problemini həll etmək üçün 1919-cu il iyulun 8-dən etibarən vəkil Zülfüqar bəy Makinski Himayəçilik Nazirliyinin İrəvanda müvəkkili kimi işə başlamışdı.
Hələ Birinci Dünya müharibəsi zamanı Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qarsda şöbəsi açılmışdı. Bu cəmiyyət erməni soyqırımından xilas olan 40 min türkü aclıqdan, ölümdən xilas etmişdi. AXC dövründə həmin şöbə əsasında Qarsda nümayəndəlik açılmışdı. Cənubi-Qərbi Qafqaz hökuməti 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə müraciət edərək qaçqınların problemlərini həll etmək üçün maddi yardım və məmurlar istəmişdi. Azərbaycan hökuməti Çıldır və Ağbaba nahiyələrinin əhalisinə, İrəvan quberniyasının kəndlərindən qaçıb həmin ərazilərdə sığınacaq tapmış qaçqınlara kömək göstərilməsi üçün bir neçə diplomatik şəxslər vasitəsilə (bir heybə) qızıl pul göndərmişdi.
1918–1920-ci illərdə Ermənistandan və Qars vilayətindən azərbaycanlılar, əsasən, İrəvan-Gümrü-Tiflis, Qars-Gümrü-Tiflis dəmiryolu vasitəsilə Gürcüstan sərhədinə gəlmiş, oradan isə Tiflis-Gəncə-Bakı dəmiryolu vasitəsilə Azərbaycana yol salınmışdı. Ümumiyyətlə, 1919-cu il ərzində Ermənistandan və Qars vilayətindən Tiflisə gəlib çıxan qaçqınların Azərbaycana yola salınması üçün Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyi Gürcüstan Yollar Nazirliyinə 171 vaqon sifariş vermişdi.
Azərbaycanın Ermənistandakı Daimi Nümayəndəliyinin verdiyi məlumata görə təkcə 1919-cu ildə Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarında erməni silahlı qüvvələri tərəfindən evləri dağıdılmış, didərgin salınmış müsəlman əhalisinin sayı 200 minə çatırdı. Himayəçilik Nazirliyinin Ermənistandakı nümayəndəsinin verdiyi məlumatlar əsasında nazirlik Ermənistandakı əhaliyə yardım göstərilməsi haqqında Parlamentə qərar layihəsi təqdim etmişdi. 1919-cu ilin iyulunda bu məqsədlə 3 milyon manat vəsait ayrılmışdı. Bu vəsaitin hesabına Ermənistana 15 vaqon un, taxıl və arpa göndərilmişdi. Bundan əlavə, 1919-cu il sentyabrın 1-dən etibarən İrəvanda müsəlmanlar üçün ambulatoriya açılmış, orada 85 nəfərlik uşaq evi təşkil edilmişdi. Hansı ki, sonralar bu uşaq evi Amerikanın Uşaqlara Yardım Komitəsinin sərəncamına verilmişdi. Ermənistandan və Qars vilayətindən qaçqın düşən müsəlmanlara yardım göstərilməsi üçün onların keçdiyi yolların üzərində səyyar qida məntəqələri (pulsuz yeməkxanalar) açılmışdı. Himayəçilik Nazirliyinin göstərişi ilə belə qida məntəqələri Aşağı Saral stansiyasında və Tiflis yaxınlığında açılmışdı.
AXC-nin süqutu ərəfəsində 1918-ci ilədək indiki Ermənistan ərazisində yaşamış 575 min nəfər müsəlman əhalidən cəmisi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdı. Deməli, 1918–1920-ci illərdə Ermənistanda soyqırıma məruz qoyulan yarım milyondan artıq azərbaycanlı əhalidən öz canlarını xilas edə bilən əhalinin əsas hissəsi qaçqın kimi Azərbaycanda sığınacaq tapmışdı. Lakin qaçqınların öz əzəli torpaqlarına qayıtması problemi AXC hökumətindən Sovet Azərbaycanı hökumətinə miras qalmışdı. Təəssüf ki, bu problem Azərbaycanda sovet hakimiyyəti dövründə də ədalətlə həll edilməmişdi. 1922-ci ilədək indiki Ermənistana – öz tarixi etnik torpaqlarına cəmisi 100 min azərbaycanlı qayıda bilmişdi.
Nazim Mustafa
Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı