Cil

Cil – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 82 km şimal-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 2040 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Türk tarixçisi Fahrettin Kırzıoğlu “Cilkəndi” formasında qeyd edir. Keçmiş Çəmbərək (Krasnoselsk) rayonu yaradılana qədər (31 dekabr 1937) keçmiş Basarkeçər rayonunun tərkibində olmuşdur. Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir.

Kənddə 1831-ci ildə 265 nəfər, 1873-cü ildə 287 nəfər, 1886-cı ildə 587 nəfər, 1897-ci ildə 736 nəfər, 1904-cü ildə 975 nəfər, 1914-cü ildə 1035 nəfər, 1916-cı ildə 893 nəfər, 1919-cu ildə 888 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin yazında kənd sakinləri erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinləri doğma yurdlarına qayıda bilmişdilər. 1922-ci ildə burada 697 nəfər, 1926-cı ildə 824 nəfər, 1931-ci ildə 1041 nəfər, 1939-cu ildə 1226 nəfər, 1959-cu ildə 1170 nəfər, 1970-ci ildə 1606 nəfər, 1979-cu ildə 1519 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda burada ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “torpağın üstünü basan süpürgəvari ot” mənasında işlənən “cil” sözü əsasında əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°27′ şm. e., 45°27′ ş. u.