İlanlı

İlanlı – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 33 km şimal-şərqdə, Arpaçayın sağ sahilində, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni müəlliflərinin əsərlərində kəndin sakinləri kimi qarapapaqlar göstərilir. Amasiya rayonunda yaşayan qarapapaqlar Azərbaycan türklərinə bağlı bir tayfadır. Burada 1886-cı ildə 137 nəfər, 1897-ci ildə 206 nəfər, 1908-ci ildə 240 nəfər, 1914-cü ildə 276 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin may ayında Andranikin komandanlığında erməni silahlı dəstələri Təzəkənd kəndində soyqırım törətmişdir. Qırğınlardan bir neçə nəfər qaçıb canını qurtara bilmişdi. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi də İranın Gümrüdəki konsulluğu vasitəsilə İranın Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. Hazırda kənddə əsasən Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar. Kənddə 1922-ci ildə 146 nəfər, 1926-cı ildə 160 nəfər, 1931-ci ildə 201 nəfər,1939-cu ildə 261 nəfər, 1959-cu ildə 283 nəfər, 1970-ci ildə 507 nəfər, 1979-cu ildə 547 nəfər, 1987-ci ildə 505 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin axırlarında və 1989-cu ilin əvvəllərində azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Hazırda burada ermənilər yaşayırlar.

Toponim “ilanlı” etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Çaybasar”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən adı dəyişdirilərək “Aravet” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°02′ şm. e., 43°46′ ş. u.