Çaxmaq

Çaxmaq – keçmiş Qars vilayətinin Qars qəzasında, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 14 km məsafədə, Türkiyə sərhədində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir.

Erməni müəlliflərinin əsərlərində kəndin sakinləri qarapapaqlar kimi göstərilmişdir. Qarapapaqlar azərbaycanlıların etnoqrafik qrupu və türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 282 nəfər, 1908-ci ildə 360 nəfər, 1914-cü ildə 406 nəfər azərbaycanlı yaşamışdır. 1918–1920-ci illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə kənddə 82 nəfər, 1926-cı ildə 111 nəfər, 1931-ci ildə 89 nəfər, 1970-ci ildə 197 nəfər, 1987-ci ildə 400 nəfər azərbaycanlı yaşamışdır. Kəndə erməni ailələri 1922-ci ildə köçürülmüşdür. 1988–1989-cu ilin yay payız aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim şahsevən türk tayfasına mənsub olan “çaxmaq” etnonimi əsasında yaranmışdır.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Kamxut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°54′ şm. e., 43°42′ ş. u.