Carcarçı

Carcarçı (Carcaris) – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Alagöz (Araqats) yaşayış məntəqəsindən 12 km məsafədə, dəniz səviyyəsindən 2180 m hündürlükdə yerləşir. 1972-ci ilə kimi keçmiş Abaran rayonunun tərkibində olmuşdur. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Cərceyis” kimi qeydə alınmışdır.

1877–1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilən yezidi kürdləri kənddə məskunlaşdılmışlar. Bundan sonra azərbaycanlılar kəndi tədricən tərk etmişlər. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrində “vəl əvəzində xırmanda istifadə edilən dəmir dişli kənd təsərrüfatı aləti” mənasında işlənən “carcar” sözünə “-is” topoformantının artırılması ilə düzəlmişdir. Bu döyüm aləti, əsasən, düzən yerlər üçün xarakterik olmuş və iş prosesində vəldən əvvəl işlədilmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1957-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Derek” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°42′ şm. e., 44°19′ ş. u.