Çarbağ

Çarbağ – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, 1930-cu ilin sonlarına kimi keçmiş Qəmərli (Artaşat) rayonunun ərazisinə daxil olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə kəndin adı “Xürrəmabad” kimi qeyd edilir. Qafqazın beşverstlik xəritəsində “Çarbax” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 201 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 242 nəfər, 1904-cü ildə 347 nəfər, 1914-cü ildə 386 nəfər təkcə azərbaycanlılar yaşamışlar. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. Türkiyədən 1918–1919-cu illərdə köçürülən ermənilər burada yerləşdirilmişdir. Yalnız indiki Ermənistandan sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar kəndlərinə qayıda bilmişdilər. Burada ermənilərlə bərabər 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 201 nəfər, 1931-ci ildə 264 nəfər azərbaycanlı yaşamışdır. İrəvan şəhərinin genişləndirilməsi ilə əlaqədar kənd 1950-ci ildə ləğv edilmiş və azərbaycanlılar qovulmuşlar. Hazırda İrəvan şəhərinin inzibati ərazisinə daxildir.

Toponim türk dilində “yarğan, sıldırım sahil”, “hündür sahil”, “sıldırım dərə, uçurum”, “yarğan”, “bataqlıqdan çəkilmiş arx” mənasında işlənən “çar” və “bağ” sözlərindən əmələ gəlmişdir.