Camışlı

Camışlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 45 km şimal-qərbdə, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndləri birləşdirilərək Camışlı kəndi yaradılmışdır. Erməni mənbələrində “Camşlu” fonetik formasında əksini tapır.

1877–1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilən yezidi kürdləri bu kənddə məskunlaşdılmışlar. Bundan sonra azərbaycanlılar kəndi tədricən tərk etmişlər. Hazırda kənddə yezidi kürdləri ilə yanaşı, ermənilər də yaşayırlar.

Toponim camışlı türk tayfa adı əsasında formalaşmışdır.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°41′ şm. e., 44°16′ ş. u.