Böyük Məzrə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 86 km cənub-şərqdə, Məzrə çayının sahilində, dəniz səviyyəsindən 1940 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin bir adı da “Kalıağalı” olmuşdur.
Kənddə 1831-ci ildə 293 nəfər, 1873-cü ildə 956 nəfər, 1886-cı ildə 1379 nəfər, 1897-ci ildə 1652 nəfər, 1908-ci ildə 1842 nəfər, 1914-cü ildə 1970 nəfər, 1916-cı ildə 1792 nəfər, 1919-cu ildə 220 nəfər azərbaycanlı yaşamışdır. Erməni silahlı dəstələri 1919-cu ilin mart ayında Böyük Məzrə kəndinə hücum edərək sakinləri qırğınlara məruz qoyaraq tarixi torpaqlarından deportasiya etdikdən sonra 1922-ci ildə kənddə 572 nəfər erməni yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişlər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 572 nəfər, 1926-cı ildə 594 nəfər, 1931-ci ildə 867 nəfər, 1988-ci ildə 2500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında erməni sakinlərinin iştirakı ilə Ermənistan dövləti tərəfindən azərbaycanlılar öz doğma torpaqlarından qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Kənddə albanlara məxsus IX əsrə aid tarixi abidə vardır. Bu tarixi abidənin üzərində “881-ci il” tarixi yazılmışdır. Eyni zamanda, kəndin yaxınlığında oğuzlara məxsus qəbiristanlıq vardır. Bütün bunlar kənddə tarixən azərbaycanlıların yaşadığını sübut edir.
Toponim Azərbaycan dilinə məxsus “böyük” sözü ilə ərəb dilində “əkilmiş yer, sürülüb toxum səpilmiş tarla” mənasında işlənən “məzrə” sözü əsasında əmələ gəlmişdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Mets Masrik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°13′ şm. e., 45°46′ ş. u.