Boğazkəsən

Boğazkəsən – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 28 km cənubda, Qaranqu çayının sol axarında, 1800 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin Türkiyədən köçürülərək İrəvan xanlığının ərazisində məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Türkiyənin Muş və Ələşkirt vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər.

Toponim boğazkəsən tayfa adı əsasında formalaşmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Dzorakap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°34′ şm. e., 43°52′ ş. u.