Barana

Barana rayonu 1937-ci il dekabrın 31-də yaradılmışdır. Mərkəzi Barana şəhəri olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 187 km-dir.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Loru mahalına, Çar Rusiyası dövründə isə bir hissəsi Tiflis quberniyasının Borçalı qəzasına, digər hissəsi isə Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasına daxil olmuşdur.

Rayonun adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V.V.Radlovun fikrincə, “barana” türk sözüdür və rus dilindəki “baran” sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayırlar.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1938-ci il tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək noyabr ayında Ermənistanda sovet hakimiyyətinin qurulmasının şərəfinə “Noyemberyan” qoyulmuşdur.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.