Barana – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayətində şəhər. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 48 km şimal-qərbdə, dəniz səviyyəsindən 820 m hündürlükdə yerləşir. Azərbaycan və Gürcüstan respublikaları ilə həmsərhəddir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.
Toponim qoraqoyunlu tayfa ittifaqına daxil olan və “qoyun”, “qoç” sözündən yaranan “baranilər” etnonimi əsasında yaranmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1938-ci il tarixli fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilərək Ermənistanda sovet hakimiyyətinin noyabr ayında qurulmasının şərəfinə “Noyemberyan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°10′ şm. e., 44°59′ ş. u.