Balıqlı

Balıqlı – keçmiş Qars vilayətinin Qars qəzasında, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 42 km şimal-qərbdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, dəniz səviyyəsindən 2030 m hündürlükdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1886-cı ildə 205, 1897-ci ildə 326, 1908-ci ildə 372 nəfər, 1914-cü ildə 474 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci il ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi Qars vilayətinə köç etmişdir. 1921-ci il Qars müqaviləsindən sonra kəndin əhalisinin bir qismi kəndə qayıtmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci il Qars müqaviləsinə əsasən kənd Ağbaba nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. Burada 1922-ci ildə 107, 1926-cı ildə 178, 1931-ci ildə 205, 1964-cü ildə 300, 1970-ci ildə 440, 1979-cu ildə 472, 1987-ci ildə 432 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda kənddə əsasən Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar.

Toponim balıq sözünə “-lı” sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Zorakert” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°05′ şm. e., 43°39′ ş. u.