Bəkdaş

Bəkdaş – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayət mərkəzindən 4 km şimal-qərbdə, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində “Beyxtaş” formasında qeydə alınmışdır.

Kənddə 1897-ci ildə 87 nəfər, 1907-ci ildə 100 nəfər 1914-cü ildə 230 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinləri öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 28 nəfər, 1926-cı ildə 25 nəfər, 1931-ci ildə 40 nəfər, 1959-cu ildə 60 nəfər azərbaycanlı yaşamışdır. 1973-cü ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk dilində “təpəlik, yüksəklik, zirvə, başlanğıc, hündürlük”, “təpə”, “hündür, böyük” mənasını bildirən “bək//bəy” sözü ilə “dağ, qaya” mənasında işlənən “daş” sözündən əmələ gəlmişdir.