Aynazur – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 1610 m hündürlükdə yerləşir.
Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828–1829-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır. 1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim türk dilində “cin, şeytan” mənasında işlənən “ayna” sözü ilə, türk dilində “yarğan” mənasında işlənən “car” sözünün əsasında əmələ gələn “zur” sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün “Aynazur” adlandırılmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Axavnadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°47′ şm. e., 45°13′ ş. u.