Axta

Axta rayonu 1930-cu il sentyabrın 30-da yaradılmışdır. Sahəsi 936 km² olan rayonun inzibati mərkəzi Axta (Hrazdan) şəhəri olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 50 km-dir. Axta rayonu ərazisindən Zəngiçay və onun qolu Böyükçay axır.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Dərəçiçək və Qırxbulaq mahallarına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Novo-Bəyazid qəzasına daxil olmuşdur.

Toponim oğuz tayfalarından olan padarların bir qolunu təşkil edən “axtaçı” (axta) etnonimindən formalaşmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək “Hrazdan” qoyulmuşdur.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.