Aşağı Zağalı

Aşağı Zağalı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 64 km cənub-şərqdə, Göyçə gölünün cənub-şərq sahilində, dəniz səviyyəsindən 1920 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Aşağı Zağalı kəndinə ermənilər 1829–1830-cu illərdə Türkiyə və İrandan köçürülüb yerləşdirilmişlər. Burada ermənilərlə yanaşı azərbaycanlılar da yaşamışdır.

Toponim Azərbaycan dilində “mağara”, “kaha” mənasında işlənən “zağa” sözünə “-lı” şəkilçisinin artırılması əsasında yaranmışdır. Kənd dağlıq ərazidə, zağa olan yerdə salındığı üçün Zağalı adlandırılmışdır. “Aşağı” fərqləndirici əlamət bildirən sözdür.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 dekabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Tsovak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°10′ şm. e., 45°38′ ş. u.