Aşağı Ağcaqala – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 37 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb tərəfində, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Kəndin digər adı Hacıqala olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 53 nəfər, 1873-cü ildə 398 nəfər, 1886-cı ildə 502 nəfər, 1897-ci ildə 617 nəfər, 1904-cü ildə 315 nəfər, 1914-cü ildə 334 nəfər, 1916-cı ildə 733 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq köklü sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və 1915–1918-ci illərdə Türkiyənin Sasun vilayətinin Arzvik, Qrmav, Qdzak, Kaşkşenk kəndlərindən və Muş vilayətindən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişlər. Göründüyü kimi, 1918-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışlar. Erməni müəlliflərinin əsərlərində tarixi faktlar saxtalaşdırılaraq kənddə 1831-ci ildə və 1897-ci ildə azərbaycanlıların deyil, ermənilərin yaşadığı göstərilir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən “aşağı” sözü ilə türk dilində “ağımtıl, quru, bozumtul düzən, çöl” mənasında işlənən “ağca” sözünə “qala” sözünün qoşulmasından əmələ gəlib “ağımtıl, bozumtul yerdə tikilən qala yanındakı kənd” mənasını ifadə edir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 sentyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Nerkin Bazmaberd” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°20′ şm. e., 44°03′ ş. u.