Angersak

Angersak (Əngirsək) – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırkı Araqatsotn vilayətində mövcud olmuşdur. Kənd Əştərək kəndindən 6-7 km şimal-qərbdə yerləşirdi. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Ənqurik formasında, Qafqazın beşverstlik xəritəsində “Angersak” kimi qeydə alınmışdır. Kəndin köklü sakinləri azərbaycanlılar kəndin adını “Ənirsək” formasında tələffüz edirdilər.

Kənddə 1873 -cü ildə 133 nəfər, 1886-cı ildə 140 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 209 nəfər, 1914-cü ildə 221 nəfər, 1916-cı ildə 188 nəfər, 1919-cu ildə 202 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1920-ci ildə kəndin sakinləri ermənilərin törətdikləri soyqırımına məruz qoyularaq tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1925–1959-cu ilə kimi kənddə yezidi kürdləri yaşamışdır. 1959-cu ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk və monqol dillərində “xəndək, səngər”, “çatlamış yer”, “dərə, dar dərə, vadi”, “uzaq sahil” mənalarında işlənən “anqar”sözü ilə türk dilində “dağın ətəyi, dağın dibi”, “çay ağzı, mənsəb”, “uzunsov əyri, dayaz dərə”, “arxın başlanğıcı” mənasında işlənən “saqa//saxa”sözünün birləşməsindən əmələ gəlmişdir.