Alapars – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Ellər (Kotayk) şəhərindən 17 km cənub-qərbdə, Zəngi (Hrazdan) çayının sahilində, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənd XVIII əsrdə İrəvan xanlığının Dərəçiçək mahalının tabeliyində olmuşdur. Xanlıq ləğv edildikdən sonra XIX əsrin əvvəllərində yaradılan İrəvan quberniyasının Novo-Bəyazid qəzasının inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 1930–1964-cü illərdə keçmiş Axta (Hrazdan) rayonunun tərkibində olmuş, 1964-cü ildə keçmiş Yelenovka (Sevan) rayonunun tabeliyinə verilmişdir. Bir ildən sonra yenidən Axta (Hrazdan) rayonuna qaytarılmışdır.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşlar. Ermənilər bura 1829–1830-cu illərdə İranın Xoy, Maku, Türkiyənin Səlmas, Van, Ələşkirt vilayətlərindən köçürülüb yerləşdirilmişlər. 1829-cu ildə kəndə İrandan 83 erməni köçürülmüşdür. 1831-ci ildə kənddə 182 nəfər azərbaycanlı yaşamışdır. 1840–1850-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılmış və kənd tamamilə ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim rəng bildirən “ala” sözü ilə “bars” türk etnonimi əsasında formalaşmışdır.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°25′ şm. e., 44°38′ ş. u.