Ağyoxuş – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Göyçə gölünün cənub-şərqində, düzənlikdə, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. 1953-cü ildə Canəhməd (Sulatanəli qışlağı) kolxozuna birləşdirilmişdir.
Kənddə 1831-ci ildə 192 nəfər azərbaycanlı yaşamışdır. Lakin sonralar kənd ləğv edildiyi üçün kənddə yaşayanlar haqqında məlumat yoxdur. Yalnız mənbələrdə 1970-ci ildə burada 341 nəfər azərbaycanlının yaşadığı göstərilir. Kəndin sakinləri 1988-ci ildə Ermənistan dövləti tərəfindən qovulmuşlar.
Toponim qədim türk dilində “hündür, yuxarı” mənasında işlənən “ağ” sözü ilə “yolun dağa, təpəyə qalxan hissəsi”, “yuxarı qalxan yer” mənasında işlənən “yoxuş” sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir.
Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Zariver” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°16′ şm. e., 45°49′ ş. u.