Ağxaç

Ağxaç – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Horadiz (Qaradüz) kəndinin yaxınlığında yerləşirdi.

Burada 1831-ci ildə 37 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828–1829-cu illərdə kəndə Xoy və Səlmasdan ermənilər köçürülüb yerləşdirilmiş, bundan sonra qarışıq kəndə çevrilmişdir. Kənddə ermənilərlə yanaşı 1873-cü ildə 140 nəfər, 1886-cı ildə 195 nəfər, 1897-ci ildə 242 nəfər azərbaycanlı yaşamışdır. 1904, 1914, 1916-cı illərdəki siyahıyaalmada azərbaycanlı və erməni əhalisi qarışıq şəkildə göstərilmişdir. 1918–1919-cu illərdə kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların müəyyən qismi doğma torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır. 1928–1929-cu illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır.

Toponim türk dilinə “kiçik, balaca” mənasında işlənən “ağ” sözü ilə Azərbaycan dilində “qoyun, mal yatağı” mənasında işlənən “arxac” sözünün təhrifi əsasında yaranan “xaç” sözündən əmələ gəlmişdir. Kəndin qədim adı “Ağarxac” olmuş, zaman keçdikcə “Ağxaç” formasını almışdır.

Hazırda kənd ləğv edilmişdir.