Ağqıraq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda kənd. Martuni şəhərindən 55,5 km cənub-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsində 2030 m hündürlükdə yerləşir. Kəndin qədim adı Ağqıraq olsa da, sonralar erməni müəlliflərinin əsərlərində “Əliqırıq”, “Əliqrağı”, “Əliqraq kəndi” kimi sabitləşdirilmişdir. XX əsrin ortalarında kənd “Əliqrıx” da adlandırılmışdır. Qafqazın beşverstlik xəritəsində “Əlikrıx” kimi qeydə alınmışdır.
1897-ci ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı yaşamışdır. Sonradan onlar da kənddən deportasiya edilmişlər. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra Ağqıraq kəndinə ermənilər 1829–1830-cu illərdə Türkiyənin Ələşkirt və Van bölgəsindən köçürülülüb yerləşdirilmiş, azərbaycanlılar isə deportasiya olunmuşdur. Kəndin ərazisində türklərlə bağlı 8-9-cu əsrlərə aid tarixi abidələr vardır.
Toponim qədim türk dilində “kiçik, balaca”, ərazicə çox da geniş olmayan mənasında işlənən “ağ” sözü ilə, “sahil” mənasında işlənən “qıraq” sözü əsasında formalaşmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Astğadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 45°21′ ş. u.