Ağcaqışlaq

Ağcaqışlaq – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 12 km şimalda, Zəngi çayının sahilində, dəniz səviyyəsindən 930 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. “İrəvan əyalətinin icmal dəftəri”ndə göstərilir ki, kənddə türk mənşəli qəmərli tayfası yaşayır. Erməni ədəbiyyatında kəndin 1831-ci ildə salındığı göstərilir. Erməni tədqiqatçıları tarixi həqiqəti saxtalaşdırmışlar. Belə ki, 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə göstərilir ki, Yuva kəndinin yaxılığında Ağcaqışlaq kəndi yerləşir və kəndin əhalisi qəmərli camaatındandır. İllik gəliri 3000 ağçadan ibarət olmuşdur.

Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 184 nəfər, 1886-cı ildə 138 nəfər, 1897-ci ildə 200 nəfər, 1904-cü ildə 186 nəfər, 1914-cü ildə 220 nəfər, 1916-cı ildə isə 197 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 54 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 102 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948–1949-cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim “ağımtıl, bozumtul düzən, çöl” mənasında işlənən “ağca” sözü ilə “qışlaq” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21 iyun 1948-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Getaşen,” 28 may 1967-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Getazat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°02′ şm. e., 44°33′ ş. u.