Əştərək rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 926 km² olan rayonun inzibati mərkəzi respublika tabeli Əştərək şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 22 km-dir.
Rayonun ərazisi tarixi İrəvan xanlığının Körpübasar mahalına, Çar Rusiyası dövründə isə Eçmiədzin qəzasına daxil olmuşdur.
Erməni alimləri “Əştərək” toponiminin erməni dilində “qüllə” mənasında işlənən “aştarak” sözündən əmələ gəldiyini göstərirlər. Lakin “Əştərək” toponimi türk dilində “yüksək dağ keçidi” mənasında işlənən “aşu” (→aş) sözü ilə türk dilində “uca, qırışıqlı dağ yüksəkliyi” mənasında işlənən “tarak” sözündən əmələ gəlmişdir. Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Aştarak” kimi yazılır.
1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.