Məngük

Məngük – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. 1937–1948-ci illərdə keçmiş Qarabağlar rayonunun tərkibində olmuşdur. Kənd həm də Mangük adlandırılmışdır. Qırxbulaq çayının yuxarı axarında yerləşmişdir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Mənkik, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Mənkük kimi, Qafqazın beşverstlik xəritəsində “Mangyuk” (Maнгюк) formasında qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 100 nəfər, 1886-cı ildə 259 nəfər, 1897-ci ildə 291 nəfər, 1904-cü ildə 163 nəfər, 1914-cü ildə 180 nəfər, 1916-cı ildə 379 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistan sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 86 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim qədim türk dilində “möhkəm abidə, yazılı daş abidə, əbədi abidə” mənasında işlənən “məngü” sözünə “-z” şəkilçisinin (topoformant) qoşulması əsasında əmələ gəlmişdir.