Qacaran

Qacaran (Gecalan, Gecanan) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində şəhər. Vilayət mərkəzi Qafan şəhərindən 26 km cənub-qərbdə, Oxçuçayın sahilində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. XVIII əsrdən etibarən burada mədən üsulu ilə mis-molibden çıxarılmışdır. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində “Kacaran” formasında, erməni müəlliflərinin əsərlərində “Qacarans” kimi qeydə alınmışdır.

Ermənilər bura 1946-cı ildə İrandan, Suriyadan və Kiprdən köçürülüb yerləşdirilmişlər. Ermənilərdən başqa 1931-ci ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır.

Toponim qayı türk tayfasından olan “qacar” etnoniminə cəmlik bildirən “-an” (Azərbaycan dilində cəmlik bildirən “-lar” şəkilçisinin sinonimidir) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından biri də qacar adlanırdı.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyul 1951-ci il tarixli fərmanı ilə şəhərin adı dəyişdirilərək “Kacaran” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°09′ şm. e., 46°09′ ş. u.