Dəstəgird

Dəstəgird (Dəstəkert) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 122 km şimal-qərbdə, Bərgüşad dağlarının ətəklərində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə qeydə alınmışdır. Kəndin adı erməniləşdirilərək “Dastakert” formasına salınmışdır. Ermənilər kənddə 1905–1906-cı illərdə qırğınlar törətmişlər.

Kənddə 1908-ci ildə 555 nəfər, 1914-cü ildə 400 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı birləşmələri azərbaycanlıları qırğınlara məruz qoyaraq kənddən qovmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinləri öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 358 nəfər, 1926-cı ildə 338 nəfər, 1931-ci ildə isə 434 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əlaqədar bura ermənilər köçürülmüşdür. 1987-ci ildə kənddə 1700 nəfər azərbaycanlı və erməni yaşamışdır ki, bunun da 80%-i azərbaycanlılar təşkil etmişdir. 1988-ci ilin noyabr ayında buranın azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim qaraçorlu türk tayfasından olan bərgüşad tayfasının mənsub “dəstəgird” etnonimindən əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°22′ şm. e., 46°02′ ş. u.