Bəryabad

Bəryabad (Bəyrabad) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Karvansara (İcevan) – Çəmbərək (Krasnoselsk) sərhədinin şimalında, Əmirxeyir (Kalavan) kəndindən 2 km şimalda, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Bayirabad”, “Bayrabad”, “Bayravat”, “Bəriyabad” formalarında da qeyd edilir. Kəndin ərazisi 1897-ci ilə kimi Gölkənd kəndinin tabeliyində olmuşdur.

Kənddə 1897-ci ildə 111, 1919-cu ildə 96 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin yazında azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. Kəndin sakinləri Azərbaycanın Qazax qəzasınına kəndlərində sığınacaq tapmışlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz doğma ocaqlarına dönə bilmişdilər. Burada 1922-ci ildə 85 nəfər, 1926-cı ildə 91 nəfər, 1931-ci ildə 109 nəfər, 1939-cu ildə 102 nəfər, 1959-cu ildə 205 nəfər, 1986-cı ildə 380 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabrın 24-28-də kəndin sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim türk dilində “təpə, hündür yer, təpəlik” mənasında işlənən “bair//bayır”sözü ilə “abad” sözünün birləşməsindən əmələ gəlmişdir. “Bayır//bair” sözü monqol dilində “bayr” formasında “çöl, bayır” mənasında işlənir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Barepat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°40′ şm. e., 45°07′ ş. u.