Ləmbəli

Ləmbəli – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 73 km şimal-qərbdə, Tona (Debed) çayının sağ tərəfində, dəniz səviyyəsindən 450 m hüdürlükdə yerləşir.

Kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzü nəticəsində tarixi-etnik torpaqlarından qovulmuşlar. İndiki Ermənistan sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar geri qayıda bilmişlər. 1922-ci ildə 783 nəfər, 1926-cı ildə 857 nəfər, 1931-ci ildə 1034 nəfər, 1939-cu ildə 1289 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür–Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli tarixli qərarına əsasən 1949-cu ilin yayında kəndin əhalisi zorla kənddən deportasiya edilmişdir. Kənddə zeytun sovxozu yaradılmış və xaricdən köçürülüb gətirilən ermənilər Ləmbəlidə yerləşdirilmişdir. Uzun mübarizədən sonra deportasiya edilən ləmbəlilərin əksəriyyəti doğma kəndlərinə qayıda bilmişdi. 1959-cu ildə burada 1151 nəfər, 1970-ci ildə 2000 nəfər, 1987-ci ildə 1500-dən çox azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar qovulmuş, kənddə ermənilər yerləşdirilmişdir.

Toponim “rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili” mənasında işlənən “ləm” və “düzənlik, açıqlıq, açıq yer”, “geniş düzənlik” mənasında işlənən “pila//pala” (→bəli) sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1972-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Baqrataşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°14′ şm. e., 44°49′ ş. u.