Molla Eyyublu (Evli) – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 52 km şimal-qərbdə, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər keçmiş Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adının “Novruz xaraba” olduğu da göstərilir.
Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 241 nəfər, 1908-ci ildə 100 nəfər, 1914-cü ildə 127 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinləri öz kəndlərinə qayıda bilmişdirlər. Burada 1922-ci ildə 271 nəfər, 1926-cı 334 nəfər, 1931-ci ildə 382 nəfər, 1939-cu ildə 440 nəfər, 1959-cu ildə 577 nəfər, 1970-ci ildə 738 nəfər, 1979-cu ildə 851 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonu, 1989-cu ilin əvvəllərində Ermənistan dövləti tərəfindən kəndin sakinləri tamamilə tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim eyyublu etnonimi əsasında əmələ gəlib “eyyublu tayfasından olan mollaya məxsus kənd” anlamını verir. Etnotoponimdir.
Kəndin adı əvvəlcə dəyişdirilərək “Evli” qoyulmuş, sonra Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Dzoramut” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°11′ şm. e., 44°17′ ş. u.