Dəmirçilər

Dəmirçilər – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 4 km şimal-şərqdə, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. 1937-ci ilə qədər keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Erməni müəlliflərinin əsərlərində “Demirçilar” kimi qeyd edilir.

Kənddə 1897-ci ildə 89 nəfər, 1908-ci ildə 420 nəfər, 1914-cü ildə 105 nəfər azərbaycanlı yaşamışdır. 1916–1918-ci illərdə kəndin sakinləri erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya edilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz kəndlərinə qayıda bilmişlər.

Burada 1922-ci ildə 89 nəfər, 1926-cı ildə 128 nəfər, 1931-ci ildə 144 nəfər, 1939-cu ildə 181 nəfər, 1959-cu ildə 159 nəfər, 1970-ci ildə 203 nəfər, 1979-cu ildə 200 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1950-ci ilin axırlarında “Evli” heyvandarlıq sovxozuna birləşdirilmişdir. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi deportasiya olunmuşdur. Hazırda burada yalnız ermənilər yaşayır.

Toponim şahsevən türk tayfasının bir qolunu təşkil edən “dəmirçilər” etnonimi əsasında əmələ gəlmişdir. “Azərbaycanın coğrafi adları” kitabında dəmirçi tayfasının şahsevən qəbiləsinə mənsub olduğu göstərilir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Qoqavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41° şm. e. 44° ş. u.