Çubuxlu

Çubuxlu – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 27 km cənub-qərbdə, dəniz səviyyəsindən 1050 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Yerləşdiyi ərazi Rusiya tərəfindən işğal edildikdən sonra bura XlX əsrin əvvəllərində ruslar köçürülmüşdür.

Toponim “çubuqlu” türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Faruk Sümər Çubukun qəti olaraq türkmən olduqlarını qeyd edir. Çubuqlu türk tayfasıdır və indi Ermənistan adlanan ərazidə bu tayfa yaşamışdır. Onlar öz izlərini bu ərazinin bir çox toponimlərində qoruyub saxlamışlar.

Kəndə ruslar köçürüləndən sonra, 1840-cı ildə adı dəyişdirilərək “Pakrovka” qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1939-cu il tarixli fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək bolşevik V.Kuybışevin şərəfinə “Kuybışev”, Ermənistan Respublikası prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə növbəti dəfə dəyişdirilərək “Hağartsin” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°00′ şm. e., 44°17′ ş. u.