Danagirməz – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 39 km şimal-qərbdə, Alagöz dağının ətəyində, dəniz səviyyəsindən 2025 m hündürlükdə yerləşir. Kəndin digər adları “Damagirməz”, “Danadamagirməz” olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kəndə ermənilər Türkiyənin Ərzurum, Muş vilayətlərindən və İrandan köçürülüb yerləşdirilmişlər. Kənddə ermənilərlə yanaşı 1905-ci ildə 387 nəfər, 1914-cü ildə 474 nəfər azərbaycanlı yaşamışdır. Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim “dana” heyvan adı ilə feilin qeyri-qəti gələcək zamanında işlənən “girməz” sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hovit”, 21 oktyabr 1967-ci il tarixli fərmanı ilə yenidən adı dəyişdirilərək “Niqavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°37′ şm. e., 44°17′ ş. u.