Qaracoran – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 30 km cənub-qərbdə, Gərni çayının yanında, Zəngi çayından axan arxın sağ tərəfində, dəniz səviyyəsindən 1630 m hündürlükdə yerləşir. 1972-ci ildən keçmiş Nairi rayonunun tərkibində olmuşdur. Erməni müəlliflərinin əsərlərində kəndin adı Qaraceyranlı, Qaracaviran, Qaracaveran, Qaraceyran formalarında da əksini tapmışdır. “İrəvan əyalətinin icmal dəftəri”ndə Qaraca ərən formasında, Qafqazın beşverstlik xəritəsində Qaracaran kimi qeydə alınmışdır.
Kənddə 1878-ci ilə kimi yalnız azərbaycanlı yaşamışdır. Ermənilər bura əvvəlcə 1878-cı ildə, daha sonra 1915–1921-ci illərdə Türkiyənin Bəyazid, Qars, İqdır bölgələrindən köçürülüb yerləşdirilmişdir. Kənddə 1831-ci ildə 162 nəfər, 1873-cü ildə 233 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kəndə 1878-cı ildə ermənilər köçürüldükdən sonra 1886-cı ildə 275 nəfər azərbaycanlı, 424 erməni, 1897-ci ildə 307 nəfər azərbaycanlı, 563 erməni yaşamışdır. Mənbələrdə 1908, 1914, 1916-cı illərdə azərbaycanlılar və ermənilər qarışıq şəkildə yaşadıqları göstərilir. Azərbaycanlılar 1918-ci ilin fevral ayında erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar 1922–1925-ci illərdə öz doğma ocaqlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi 1948–1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. Hazırda orada yalnız ermənilər yaşayırlar.
Toponim xəzərlərin “qaraçor” (→qaracor) türk etnoniminə cəmlik bildirən “-an” şəkilçisinin artırılması ilə əmələ gəlib “qaraçor (→qaracor) tayfasının yaşadığı yer” mənasını ifadə edir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Araqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°24′ şm. e., 44°32′ ş. u.