Zöhrablı

Zöhrablı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 11 km şimal-şərqdə, dəniz səviyyəsindən 905 m hündürlükdə yerləşir. Kəndin digər adı “Zorbalı” olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Burada tarixən azərbaycanlılar yaşamışlar. 1828–1830-cu illərdə kəndə İrandan köçürülüb gətirilən ermənilər yerləşdirilmiş və azərbaycanlı əhali deportasiya olunmuşdur.

Toponim qaşqay türk tayfasından olan zöhrablı nəsil adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Mrqanuş” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°01′ şm. e., 44°33′ ş. u.