Zod

Zod – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 85 km cənub-şərqdə, Zod çayının yanında, dəniz səviyyəsindən 2020 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin adı həm də “Zot”, “Sot” formalarında qeyd edilir. Kəndin ərazisində IX–XII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr (alban kilsəsinin, oğuz qəbiristanlığının xarabalıqları) vardır.

Kənddə 1831-ci ildə 245 nəfər, 1873-cü ildə 905 nəfər, 1886-cı ildə 1088 nəfər, 1897-ci ildə 1584 nəfər, 1908-ci ildə 1717 nəfər, 1914-cü ildə 1988 nəfər, 1916-cı ildə 1717 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprelində azərbaycanlılar qırğınlara məruz qalaraq erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə 1046 nəfər, 1926-cı ildə 1325 nəfər, 1931-ci ildə 1599 nəfər, 1939-cu ildə 1946 nəfər, 1959-cu ildə 1290 nəfər, 1979-cu ildə 2984 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. 1988-ci ilin noyabrında azərbaycanlılar yenidən öz doğma kəndlərindən Ermənistan dövləti tərəfindən qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim türk mənşəli “sotk//sodk” etnonimi əsasında formalaşmışdır. Toponim “Sotk→Södk→Zod” inkişaf prosesi keçirmişdir. Azərbaycan dilində “s~z” və “t~d” səs əvəzlənməsi qanunauyğun haldır. Etnonimin tərkibindəki “k” səsi qədim türk dilində cəmlik, çoxluq mənalarını bildirmişdir. Lakin sonralar etnonimdəki fonetik dəyişmələr nəticəsində “k” samiti düşmüşdür.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə Zod kəndinin adı dəyişdirilərək “Sotk” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°12′ şm. e., 45°51′ ş. u.