Zirək

Zirək (Zirak) – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Arpa çayının sol qolu olan Zirakçay çayının sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 43 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 nəfər, 1914-cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1923–1924-cü illərdə sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim qədim türk tayfalarından olan “siraq” etnonimi əsasında əmələ gəlmişdir.