Zeyvə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 28 km şimal-şərqdə, Oxçu çayı ilə Gığı çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 1150 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kənddə 1926-cı ildə 14 nəfər, 1931-ci ildə isə 49 nəfər azərbaycanlı yaşamışdır.
Toponim ərəb dilində “hücrə, güşə, künc, bucaq” mənasında işlənən “zaviyə” sözü əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29 iyun 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “David bek” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°19′ şm. e., 46°29′ ş. u.