Zeytə

Zeytə – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 17 km cənub-şərqdə, Arpaçayın bir qolu olan Zeytədərəsi çayının sahilində, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı həm də “Çopma”, “Çomap”, “Zeta”, “Çapma”, “Zeyvə” kimi göstərilir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 67 nəfər, 1873-cü ildə 224 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 324 nəfər, 1916-cı ildə 403 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 34 nəfər, 1926-cı ildə 147 nəfər, 1931-ci ildə 228 nəfər, 1939-cu ildə 311 nəfər, 1959-cu ildə 188 nəfər, 1970-ci ildə 239 nəfər, 1979-cu ildə 263 nəfər azərbaycanlı yaşamışdır 1988-ci ilin noyabr ayında Ermənistan dövləti kəndin sakinlərini deportasiya etmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Zedea” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°40′ şm. e., 45°23′ ş. u.