Zar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayəti ərazisində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 47 km cənubda, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 89 nəfər yalnız azərbaycanlı, ermənilərlə yanaşı 1873-cü ildə 490 nəfər, 1886-cı ildə 634 nəfər, 1897-ci ildə 757 nəfər, 1914-cü ildə 1250 nəfər, 1918-ci ilin yanvarında 706 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Türkiyənin Van və Malazgird vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərdən başqa, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim türk dilində “yarğan” mənasında işlənən “car” (zar) sözü əsasında əmələ gəlmişdir.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°15′ şm. e., 44°44′ ş. u.