Zərzibil – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 87 km cənub-şərqdə, Məzrə çayının yaxınlığında, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. XVI əsrdə İrəvan əyalətinin Göyçə mahalında Zar nahiyəsi və Zebil nahiyəsi, o cümlədən Zar kəndi və Baş Zebil kəndi olmuşdur. Sonralar bu nahiyələr ləğv edilmiş, Basarkeçər rayonu da daxil olmaqla Göyçə mahalında Göyçə nahiyəsi, Məzrə nahiyəsi yaradılmışdır. XVIII əsrdə Basarkeçər rayonunda yalnız Zar kəndi qeydə alınmışdır. Qafqazın beşverstlik xəritəsində Zərzibil kəndinin adı qeydə alınmışdır. Zərzibil kəndi “Zar” və “Zebil” kənd adlarının birləşməsindən əmələ gəlmişdir.
Kənddə 1831-ci ildə 202 nəfər, 1873-cü ildə 462 nəfər, 1886-cı ildə 653 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 963 nəfər, 1914-cü ildə 1005 nəfər, 1916-cı ildə 968 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə burada 581 nəfər, 1926-cı ildə 631 nəfər, 1931-ci ildə 808 nəfər, 1939-cu ildə 803 nəfər, 1959-cu ildə 770 nəfər, 1970-ci ildə 1202 nəfər, 1979-cu ildə 1533 nəfər, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti azərbaycanlıları tarixi-etnik torpaqlarından deportasiya etmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim türk dilində “yarğan”, “dərə” mənasında işlənən “zar” (car) sözü əsasında yaranmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Zərkənd”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə ikinci dəfə dəyişdirilərək “Kut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°10′ şm. e., 45°53′ ş. u.