Yuxarı Zağalı

Yuxarı Zağalı – keçmiş İrəvan quberniyasının Göyçə qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 70 km cənub-şərqdə, Göyçə gölünün yaxınlğında Dik Pilləkən dağının ətəyində yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kənd həm də “Tatar Zağalısı” adlandırılmışdır. Kənddən 1 km şərqdə qədim bir kəndin xarabalıqları vardır. Eyni zamanda, oğuz qəbiristanlığının qalıqları var.

Kənddə 1831-ci ildə 98 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 717 nəfər, 1897-ci ildə 774 nəfər, 1908-ci ildə 917 nəfər, 1914-cü ildə 1018 nəfər, 1916-cı ildə 922 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. İndiki Ermənistan ərazisində 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildən sonra Türkiyənin Muş bölgəsindən köçürülüb gətirilən ermənilər Yuxarı Zağalı kəndində yerləşdirilmişdir. Ermənilərlə yanaşı, 1926-cı ildə burada 185 nəfər, 1931-ci ildə 206 nəfər azərbaycanlı yaşamışdır. Yuxarı Zağalı kəndində qarışıq 1970-ci ildə 629, 1979-cu ildə 534 nəfər əhali olmuşdur. Bu əhalinin 30 faizdən çoxunu azərbaycanlılar təşkil etmişdir. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən qırğınlara məruz qalaraq doğma kəndlərindən qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “mağara” mənasında işlənən “zağa” sözünə “-lı” şəkilçisinin əlavəsi ilə düzəlmişdir. Toponimin əvvəllində işlənən “Yuxarı” sözü fərqləndirici əlamət bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Axpadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 45°39′ ş. u.