Yuxarı Xatunarx – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 34 km cənub-şərqdə, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1828-ci ilə kimi azərbaycanılılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İranın Xoy vilayətindən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar erməni silahlıları tərəfindən kənddən deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Kənd Böyük Qarasu çayından çəkilən arxın kənarında İrəvan xanı Səfiqulu xanın (1655–1680) arvadı Xatun tərəfindən salınmışdır. Ona görə də kənd Xatınarx adlandırılmışdır. Toponimin əvvəllindəki “yuxarı” sözü fərqləndirici əlamət bildirir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Aknaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°05′ şm. e. 44°17′ ş. u.