Yuxarı Türkmənli

Yuxarı Türkmənli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 15 km cənub-şərqdə, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsindən 837 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 64 nəfər, 1873-cü ildə 262 nəfər, 1886-cı ildə 360 nəfər, 1897-ci ildə 438 nəfər, 1904-cü ildə 510 nəfər, 1914-cü ildə 540 nəfər, 1916-cı ildə 460 nəfər, 1919-cu ildə 460 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1919-cu ilin yazında erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından qovulmuş və kənddə 1915–1918-ci illərdə Türkiyənin Sasun vilayətindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra burada ermənilərlə yanaşı, 1926-cı ildə 11 nəfər, 1931-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Kənddə yaşayan azərbaycanlılar 1930-cu illərin ortalarında sıxışdırılaraq kənddən çıxarılmışdır. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qızılbaşların türkmən etnoniminə “-li” şəkilçisinin qoşulmasından əmələ gəlmiş türkmənli etnonimi əsasında formalaşmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Apaqa” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°05′ şm. e. 44°15′ ş. u.