Yuxarı Talin

Yuxarı Talin – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində şəhər. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 48 km şimal-qərbdə, dəniz səviyyəsindən 1585 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Türkiyənin Muş və Sasun vilayətlərindən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişlər.

Toponim fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə “söyüd ağacı”, “söyüd kolu” mənasında işlənən “tal” və qədim türk dilində “daxma, mağara, kaha” mənasında işlənən “in” sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Kəndin adı erməni dilində “Verin Talin” formasında rəsmi sənədlərdə əksini tapmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Talin” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°22′ şm. e., 43°52′ ş. u.