Yuxarı Şorca – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 84 km cənub-şərqdə, dəniz səviyyəsindən 2340 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adları “Tatar Şorcası”, “Başkeyti”, “Şorcalı Keyti” olmuşdur.
Kənddə 1831-ci ildə 75 nəfər, 1873-cü ildə 123 nəfər, 1886-cı ildə 158 nəfər, 1897-ci üdə 218 nəfər, 1908-ci ildə 248 nəfər, 1914-cü ildə 283 nəfər, 1916-cı ildə 269 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprelində azərbaycanlılar ermənilər tərəfindən törədilən qırğınlara məruz qalaraq öz doğma kəndlərindən qovulmuşlar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra müəyyən sakitlik yaranmış və sağ qalan azərbaycanlılar kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 204 nəfər, 1926-cı ildə 253 nəfər, 1931-ci ildə 295 nəfər, 1939-cu ildə 402 nəfər, 1959-cu ildə 390 nəfər, 1970-ci ildə 592 nəfər, 1979-cu ildə 710 nəfər, 1987-ci ildə 1440 nəfər azərbaycanlı yaşamışdır.1988-ci ildə azərbaycanlılar bir daha Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim fərqləndirici əlamət bildirən “yuxarı” sözünün və “duzluq, şoranlıq” mənasında işlənən “şor” sözünə sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən “-ca” şəkilçisinin artırılması ilə düzəlib.
Erməni ədəbiyyatında kəndin adı “Verin Şorja” formasında əksini tapır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 45°48′ ş. u.