Yuxarı Qulubəyli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Böyük Qarasu çayının yuxarı axan sahilində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 336 nəfər, 1886-cı ildə 397 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 286 nəfər, 1914-cü ildə 304 nəfər, 1918-ci ilin yanvarında 286 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevralında kənd erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından didərgin salınmışlar. Kənd 1930-cu ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə Qulubəyli nəsil adı əsasında əmələ gəlmişdir.