Yuxarı Qoylasar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 8 km şimal-qərbdə, dəniz səviyyəsindən 865 m hündürlükdə yerləşir. Kəndin digər adı “Ulya Qoylasar” olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Yuxarı Quyuluhasar” formasında qeydə alınmışdır.
Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər bura 1828–1830-cu illərdə İranının Xoy və Səlmas vilayətlərindən köçürülmüşdür. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 121 nəfər, 1873-cü ildə 157 nəfər, 1886-cı ildə 8 nəfər, 1897-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1870-ci illərin sonundan başlayaraq sıxışdırılmış, kənddən tamamilə 1905–1906-cı illərdə erməni silahlıları tərəfindən qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.
Kəndin ortasında böyük bir meydanda qala olmuşdur və həmin qala uca qalın divarla hasarlanmış, küncləri isə 20 qüllədən ibarət olmuşdur. Kəndin adı məhz həmin qala adından götürülmüşdür. “Qoylasar” “qalahasar” sözünün təhrif edilmiş formasıdır və “qala” və “hasar” sözlərinin birləşməsindən əmələ gəlib “hasarlanınış qala” mənasını bildirir. Toponimin əvvəlindəki işlənən “yuxarı” sözü fərqləndirici əlamət bildirir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Bambakavan”, 25 yanvar 1978-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Byuravan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°00′ şm. e., 44°31′ ş. u.