Yuxarı Qaraqoymaz

Yuxarı Qaraqoymaz – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 41 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində, “Qafqaz haqqında məlumat toplusu “ (“Сборник сведений о Кавказе”) əsərində “Qarakovmaz” formasında qeydə alınmışdır.

Kənddə 1897-ci ildə 142 nəfər, 1916-cı ildə 224 nəfər, 1918-ci ilin yanvarında 394 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin mart ayında erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalan sakinləri deportasiya olunmuş və kəndə Türkiyənin Sasun və Muş vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Kəndin adı Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən “yuxarı”sözü ilə, türk dilində “uca, hündür, yüksək, şiş”, “dağ, zirvə” mənasında işlənən “qara” sözünə türk dilində kənd mənasında işlənən “köy” sözü ilə “dağın cənub yamacı”, “yüksəklikdə meşəsiz tərəfi” mənasında işlənən “mas” (maz) sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Verin Sasunaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°22′ şm. e., 43°59′ ş. u.