Yuxarı Qaraçimən – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd.
Kənddə 1897-ci ildə 237 nəfər, 1922-ci ildə 217 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. 1926-cı ildən sonra kənd ləğv edilərək Aşağı Qaraçimən kəndi ilə birləşdirilmişdir.
Toponim qədim türk dilində “böyük, geniş” mənasında işlənən “qara” sözü ilə “yaşıl otla örtülmüş sahə” mənasında işlənən “çəmən” sözünün dialekt variantı olan “çimən” sözünün birləşməsindən əmələ gəlmişdir. “Yuxarı” sözü fərqləndirici əlamət bildirir.